Marşal qeydiyyatı başa çatdı!

23 Aprel 2021

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 04-06 İyun 2021-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin Marşal qeydiyyatı Proqramını yekunlaşdırdı. Paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan 575vətəndaş qeydiyyatdan keçdi.

Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin əvəzolunmaz hissəsi olmaq istəyən namizəddən yalnız 220 marşal seçildi. Qeyd edək ki, Bakı Marşal klubunun üzvləri Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya qazanmaq şansını da əldə etdi. Bu yalnız Azərbaycanda deyil, Formula 1 Qran Prisinə ev sahibliyi edən istənilən ölkədə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.