2019 mövsümü üçün İdarə Heyətinin 1-ci Yığıncağı Keçirilmişdir

18 Fevral 2019

Bildiyiniz kimi 4-cü ildir ki, Formula 1 Azərbaycan Qran prisinə hazırlıq gedir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışın vacib və əvəzolunmaz tərkib hissəsi olan rəhbər marşalların görüşünü təşkil etmişdir. Görüşdə ötən ilin yekun nəticələri, Fevral ayının əvvəlində 1300 nəfərə yaxın marşal üçün start vermiş təlimlərin plana uyğun olaraq yerinə yetirilməsi, Formula 1 2019 mövsümü üçün reqlamentdə baş vermiş dəyişikliklərin nəzərdən keçirilməsi, yarış həftəsi prosedurunun icrası planı və ümumilikdə Formula 1 Azərbəycan Qran prisinin gələcəkdə daha da mükəmməl keçməsi predmeti müzakirə olunur.

Tədbirdə 100 nəfər rəhbər marşal iştirak edib. Qeyd etmək istərdik ki, 2016–cı ildə təlimlər xarici rəhbər marşallar tərəfindən keçirildiyi halda 2017–ci ildən etibarən bu təlimlər yerli rəhbər marşallar tərəfindən keçirilir. Keçmiş mövsümün yekun nəticələrinə əsasən rəhbər marşalların təklif və rəyləri müzakirə olunduqdan sonra idarə heyəti tərəfindən müvafiq qərarlar qəbul edilir. 3 il ərzində marşallar üçün yaratdığımız təlim və kommunikasiya sistemi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin idarə heyəti ilə marşallar arasında mövcud olan əlaqə onların bu idman növünə olan marağı və bağlılığı daha da artırır.

Onu da vurğulamaq istərdik ki, bu sahədə atdığımız uğurlu addımlar nəticəsində hər il marşal kimi fəaliyyət göstərmək istəyənlərin sayı durmadan artır. Ötən illə müqaisədə 1603 nəfərin marşal olmaq istəyi qeydə alınmışdırsa, bu il say 2445 nəfər təşkil etmişdir hansı ki, bizim üçün çox sevindirici və qürurverici bir haldır.