Marşal qeydiyyatı proqramına start verildi

17 Dekabr 2019

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 05-07 İyun 2020-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin Marşal qeydiyyatı Proqramına artıq start verdi. Paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər.

Proqrama cəlb olunmuş marşallar 2020 Formula 1 Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq, eyni zamanda Formula 1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar. Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, Formula 1 Qran Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

Marşal Proqramı haqqında ətraflı məlumatı isə Bakı Marşal Klubunun rəsmi saytından və rəsmi "Facebook" səhifəsindən www.facebook.com/BakuMarshalsClub/ əldə edə bilərsiniz. Eyni zamanda klubun "Facebook" səhifəsinə və yə info@bakumarshalsclub.az elektron ünvanına mesaj yazaraq marşal fəaliyyəti barəsində sizi maraqlandıran bütün suallara cavab ala bilərsiniz.