Bir marşalın hekayəsi: hindistanlı marşal Tanvir Sinq

02 İyun 2016

Trek marşalı kimi qazandığınız təcrübə barədə danışın.

Mənim ailəm avtomobil və idman yarışlarının həvəskarıdır. Mən ilk dəfə 2011-ci ildə - Formula 1 Hindistanda təşkil olunarkən marşallıq etdim. Bu, mənim marşal kimi ilk təcrübəm idi və həmin ildən etibarən hər il Sinqapur və Əbu Dabi Formula 1 yarışlarında marşallıq edirəm.

Uşaq olarkən, Formula 1 yarışlarını televiziya ekranından izləyirdim və ilk dəfə trekdə iştirak etmək fürsəti yarananda mən bu təkliflə razılaşmaya bilməzdim. Bolidlərə və pilotlara yaxın olmaq, mexaniklərlə, yarışların təşkilatçıları ilə görüşmək və özüm kimi çılğın Formula 1 marşalı ilə tanış olmaq əvəzedilməz bir duyğudur və başqa hisslərlə müqayisə oluna bilməz. Bu illər ərzində tanış olduğum bəzi marşallarla ailə üzvləri qədər səmimi olmuşuq və hər ilin əvvəlində yarışlarda marşallıq etmək planlarımızı birlikdə müzakirə edirik. Kimin hansı yarışda marşallıq edəcəyini soruşuruq və ona uyğun olaraq, səfər planları qururuq. Bu, bir növ, Formula 1 tətillərinə bənzəyir. Rocer Federerə azarkeşlik etdiyim və bütün F1 yarışlarında üzərində onun inisialları olan gün papağı taxdığım üçün marşal dostlarım məni Formula 1-in Rocer Federeri adlandırır.

2013-cü ildə keçmiş Formula 1 komanda başçısı Eddi Cordan məndən BBC Sport kanalı üçün müsahibə alanda söyləmişdi ki, mən bütün idman növlərini qarışdırıram, çünki Rocer Federerin gün papağı yenə də başımda idi. Mənsə TV çıxışımda onun sualına cavab olaraq bildirdim ki, onların hər ikisini xoşlayıram və Hindistan Qran Prisindən sonra baş tutacaq növbəti yarışda ona uğur arzulayıram.

2016-ci il Avropa Qran Prisində sizin vəzifələriniz nədən ibarət olacaq?

Mənim 2016-cı il Formula 1 Avropa Qran Prisində görəcəyim işlər hələ ki dəqiqləşməyib. Əvvəllər həm müdaxilə, həm də yanğın marşalı kimi işləmişəm. Bakıya gəldikdə isə trek marşalı olacağımı zənn edirəm. Biz təyin olunduğumuz məntəqə və öhdəliklər barədə məlumatı Bakıya çatarkən əldə edə biləcəyik.

Bu yarışa hazırlıq işləri necə gedir?

Cavab: Mən öncə Bakı Şəhər Halqasının facebook qrupuna öz minnətdarlığımı bildirirəm. Onlar bu trek barədə ətraflı məlumatı öz səhifələrində paylaşmışdılar. Trekin xəritəsi, döngələr, maksimal sürət və məsafə kimi məlumatları əldə etdikdən sonra əminliklə deyə bilərəm ki, treki görmədən də ona bələdəm. Bu cür məlumatlar çox faydalıdır, xüsusilə də yarışların Azərbaycanda ilk dəfə olaraq keçirildiyini nəzərə almalıyıq.

Bakı Şəhər Halqası haqqında fikirlərinizi bölüşməyinizi istərdik. Trekdə ən çox xoşunuza gələn cəhətlər hansılardır?

Bu trekin maraqlı cəhətlərindən biri odur ki, onun yarış təqvimindəki ən sürətli trek olacağı gözlənilir. Həmçinin, müasir yollarından tutmuş qədim tarixə malik guşələrinədək Bakının bütün görməli yerləri ilə tanış olmaq imkanı yaranacaq. İçəri Şəhərin divarları arasındakı yoxuşlu hissələrdən keçən zaman Formula 1 pilotlarının nümayiş etdirəcəkləri məharət və dəqiqlik, eyni zamanda sürətli yarış, tamaşaçılar üçün maraqlı, marşallar üçün isə həyəcanverici olacaq.

Fikrimcə, trekin ən maraqlı hissəsi 8-12-ci döngələr arasında olan hissəsidir.